Əmlak Məsələləri Dövlət Komitəsi ölkə vətəndaşlarının əmlaklarının daha çevik, sadə və rahat şəkildə sənədləşdirilməsi prosesini davam etdirir. Bu prosesi həyata keçirmək üçün komitənin “Kütləvi çıxarış” kampaniyası qeydiyyat xidmətlərini paytaxtdan tutmuş respublikanın ucqar kənd və qəsəbələrinə kimi vətəndaşların birbaşa ünvanına çatdırır. Hərəkət qabiliyyəti məhdud və ahıl şəxslərə isə bu xidmətlər birbaşa onların evlərindəcə göstərilir. Vətəndaşa məxsus torpaq sahəsi, fərdi həyət evi, mənzil çevik sənədləşdirilir və elə ünvanlarda hazır çıxarış təqdim olunur. Bununla da, vətəndaşın qeydiyyat üçün hər hansı idarəyə müraciətinə, əlavə vaxt itkisinə və nəqliyyat xərcinə ehtiyac qalmır. Komitənin bu sosial addımı vətəndaşlar və əmlakını qeydiyyata aldırmaq istəyən şəxslər tərəfindən də dəstəklənir və təqdir olunur.

Vətəndaş məmnunluğunu artıran kampaniya bu dəfə eyni gündə 2 rayonda keçirilib və ümumilikdə 220-yə yaxın vətəndaşa xidmət göstərilib. 18 noyabr tarixində paralel olaraq həm Hacıqabul, həm də Sabirabadda keçirilən kampaniyada rayon sakinləri əmlaklarına dair çıxarışları əldə ediblər. Hazır çıxarışlar Hacıqabulda 80 sakinə, Sabirabadda isə 65 sakinə təqdim olunub. Belə çıxarışlar həyət evləri, torpaq sahələri, mənzillər, pay torpaqları və həyətyanı sahələrə aid olub. Eyni zamanda, hər iki rayonda ümumilikdə 70-dən çox sakindən əmlaklara dair ilkin mülkiyyət sənədləri də qəbul edilib.

Kampaniyanın gedişində vətəndaşlara mobil hüquqi yardımlar da göstərilib. Bu zaman əmlak sahiblərinə əmlaklarının qeydiyyatının vacibliyi, qeydiyyata alınan əmlakın üstünlükləri izah edilib, əmlakın qeydiyyatı üçün prosedurlar, tələb olunan sənədlər barədə məlumat verilib. Mobil hüquqi yardım çərçivəsində qeydiyyat üçün tələb olunan sənədlərin necə və hansı orqanlardan toplanması, ortaya çıxan çətinliklərin həlli ilə bağlı geniş bilgilər verilib.

Kampaniya çərçivəsində Komitənin mobil ofisləri vasitəsilə bir sıra vətəndaşa texniki pasportların hazırlanması və çöl-ölçmə işləri ilə bağlı texniki xidmətlər də göstərilib.

Bütün bu sosial addımlarda məqsəd xidmətlərdə əlçatanlığı təmin etmək, şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun artırılmasına nail olmaqdır. 2016-cı ilin müvafiq dövründə kampaniya paytaxtın 7 rayonunda, respublikanın isə 13 şəhər və rayonunda keçirilib. Ümumilikdə indiyədək 9 minə yaxın vətəndaş kampaniyadan faydalana bilib.

Qeyd edək ki, kampaniya ilə yanaşı, gündəlik olaraq bütün respublika üzrə mobil ofis xidmətləri də davam etdirilir. Mobil ofislər aylıq qrafik üzrə təyin olunan ünvanlara gedir, çıxarış əldə etmək istəyən vətəndaşlardan ilkin mülkiyyət sənədləri toplanır. Onların əsasında müvafiq müddətdə çıxarış hazırlanır və yenidən ünvanlarda vətəndaşlara çatdırılır. Mobil ofislər vasitəsilə seçimdən asılı olaraq vətəndaşlara bağ evi, fərdi evlər və digər əmlakların ilkin və təkrar qeydiyyatı, texniki ölçmə və kadastr işləri ilə bağlı xidmətlər də təqdim olunur.  İndiyədək mobil ofis xidmətləri vasitəsilə 50 mindən çox vətəndaşa xidmət göstərilib.

Regionlarda kampaniyadan faydalanan və həm də kampaniyaya maraq göstərən vətəndaşların sayı artmaqdadır. Kampaniya hüquqi cəhətdən etibarlı, üzərində mülkiyyət hüquqları rəsmi qeydiyyata alınmış əmlakların sayının artmasını təmin edir. Daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini, daşınmaz əmlakdan daha səmərəli istifadə etmə imkanlarını stimullaşdırır. Əmlakın girova qoyulması, ipotekaya yönəldilməsi, biznes predmetinə çevrilməsini təmin edir.