Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 22 noyabr 2016-cı il tarixində «Baku Expo Mərkəzi»ndə RecExpo – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin açılış tədbiri keçirilib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edib.

Dünyanın 10 ölkəsindən olan 50-dən çox daşınmaz əmlak şirkətləri, investisiya qurumları və digər təşkilatların iştirak etdiyi Sərgi 24 noyabr tarixinədək davam edəcək. Türkiyə, BƏƏ, Macarıstan, Rusiya, İspaniya, Portuqaliya, Lüksemburq, Kipr, Gürcüstan, Ukrayna kimi ölkələrdən 30-a yaxın xarici şirkət Sərgiyə qatılacaqdır. Türkiyədən – Əmlak Konut, Ağaoglu, Tahincioğlu, Onur Park, EMS Yapi, BƏƏ-dən – Asteco, Aqua Properties, The First Group kimi iri şirkətlər iştirak edəcəklər.

Sərginin 2-ci günü – 23 noyabr tarixində, saat 14:00-da “Bakı Expo Mərkəzi”ndə “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda Konfrans keçiriləcək. 

Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid prestijli şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayıb. Azərbaycan daşınmaz əmlak sektorunun nəhənglərindən olan Baku White City, Xəyal Adası, Dreamland, AAF Park, AF Holding, Şərur İnşaat, Kristal Abşeron, Azinko və Yeni Həyat şirkətləri də sərginin önəmli iştirakçılarındandır.

Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgiləndiyi RecExpo sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Sərgi daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsinə şərait yaradır. Bu tədbir bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Beynəlxalq Sərgidə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılmış pavilyonda son illər Azərbaycanda əmlak/torpaq idarəçiliyi və özəlləşdirmə sahəsində əldə olunan nailiyyətlər nümayiş etdirilir. Müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan reyestri və torpaq uçotu üzrə tətbiq olunan sistemlər, elektron xidmətlər, innovasiyalar, proqram təminatları və digər yeniliklər sərgilənir. Tədbirdə iştirak edən yerli və xarici təmsilçilərə özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumatlar çatdırılır. Özəlləşdirmə prosesini daha optimal, rahat şəkildə həyata keçirmək üçün yaradılmış Özəlləşdirmə portalı, portalda hərraca çıxarılan əmlaklar və onlara sifariş qaydaları, eləcə də hərrac prosedurları barədə məlumat verilir. Həmçinin ziyarətçilər pavilyonda daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində tətbiq edilən yeniliklər və müasir sistemlər, qeydiyyat prosedurları və digər əlaqədar tədbirlər barədə məlumatlarla tanış olur.

Qeyd edək ki, Sərgi görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə, ekspert və təmsilçilərə əlverişli imkanlar yaradıb. Beynəlxalq prestijli satış agentlərinin yer aldığı RecExpo sərgisi iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələri ilə son istehlakçılar və dövlət nümayəndələrini bir araya gətirən professional məkandır. Daşınmaz əmlak sektorunun peşəkarları ilə yeni əlaqələr, brendlərin və layihələrin Azərbaycanda tanıtımı baxımından da bu beynəlxalq sərgi böyük fürsət deməkdir.

RecExpo sərgisinin ən cəlbedici cəhəti burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Sərgi beynəlxalq arealda aktual olan bir çox yeni brendləri bir araya toplayıb. Belə layihələrin eyni zamanda və bir platformada prezentasiyası əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək, dəyərləndirmək və sərfəli variantları seçmək imkanı verir.

Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətləri bütün maraqlı şəxsləri yaradılmış belə bir fürsətdən istifadə etməyə və 3 gün davam edəcək beynəlxalq sərgidə iştirak etməyə dəvət edir.