RecExpo – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 noyabrda «Baku Expo Mərkəzi»ndə “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda Konfrans keçirilib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat Naziriliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Banklar Assosiasiyasının rəsmiləri, nüfuzlu beynəlxalq investisiya və əmlak şirkətlərinin rəhbərləri, ictimai təşkilatlar və media nümayəndələri iştirak edib.

Konfransı açıq elan edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov “Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesinin hazırkı mərhələsi və gələcək imkanlar” mövzusunda çıxış edib. Sədr müavini nitqində bu beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan uğurlu iqtisadi islahatların fonunda Azərbaycanda hazırda dövlət əmlakının özəlləşdirilməsinin prioritet sahə elan olunduğu qeyd olunub. Sədr müavini ölkəmizdə özəlləşdirmənin tarixi, özəlləşdirmə prosesində yeni yanaşmalar və onun perspektivləri haqqında məlumat verib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan genişmiqyaslı özəlləşdirmə prosesinin ötən müddətdə ölkə iqtisadiyyatının inkişafında oynadığı rolu xüsusilə qeyd olunub. Bunun davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və tapşırıqları ilə özəlləşdirmə prosesinin keyfiyyətcə yeni mərhələsinin başlandığı, bu prosesin qeyri-neft sektorunun inkişafına töhfəsi diqqətə çatdırılıb.

Sədr müavini bildirib ki, keçən dövr ərzində özəlləşdirmə sahəsində digər ölkələrin təcrübəsi öyrənilməklə iki Dövlət Proqramı, özəlləşdirmə ilə bağlı Qanun və 50-dən çox normativ-hüquqi sənəd təsdiq olunub. Qeyd olunub ki, özəlləşdirmə prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 47 minə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi xüsusi mülkiyyətə verilib. 1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə  çevrilərək səhmləri özəlləşdirilib. Yerli investorlarla yanaşı, xarici investorların da iştirak etdiyi investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatına təxminən 1,1 milyard ABŞ dolları məbləğində investisiyalar yatırılıb.

Qeyd olunub ki, hazırda mühüm məsələlərdən biri də regionlarda rəqabət qabiliyyətli müəssisələrin fəaliyyətinin yenidən qurulması, istehsal potensialının artırılması, büdcə yükünün azaldılmasıdır. Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədi ilə özəlləşdirmənin sürətləndirilməsi mühüm istiqamət kimi müəyyən edilib. Bu baxımdan dövlət başçısının 19 iyul 2016-cı il tarixli Fərmanı xüsusi əhəmiyyətə malikdir. Fərmanla Komitəyə ən mütərəqqi üsullarla və nüfuzlu məsləhətçi şirkətlərinin imkanlarından istifadə etməklə özəlləşdirmənin həyata keçirilməsi barədə tapşırıqlar verilib. Bu Fərman və Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə 352 yeni dövlət müəssisə və obyekti özəlləşdirilməyə açıq elan olunub. Belə dövlət əmlaklarının özəlləşdirilməsində başlıca məqsəd dövlət büdcəsinin üzərinə düşən yükün və əlavə dövlət xərclərinin azaldılmasıdır.

Vurğulanıb ki, bu müəssisələrin özəlləşdirilməyə açılması belə sahələrə yeni böyükhəcmli investisiyaların qoyulmasına zəmin yaradacaq. Sərmayə yatırımı bu müəssisələrin modern standartlara uyğun yenidən qurulması və müasir şərtlərlə daha keyfiyyətli xidmətlər göstərməsinə imkan verəcək.

Tədbirdə diqqətə çatdırılıb ki, beynəlxalq əməkdaşlıq çərçivəsində komitə tərəfindən dünyada “Böyük Dördlük” kimi tanınan nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri, eləcə də investisiya qurumları və beynəlxalq maliyyə institutları ilə birgə işlər aparılıb. Komitə ilə dünya reytinqində nüfuzlu “PricewaterhouseCoopers” (PwC) beynəlxalq şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Qeyd olunub ki, özəlləşdirmənin yeni mərhələsində müasir informasiya-kommunikasiya texnologiyaları və elektron xidmətlər aktiv tətbiq olunur. Prosesi daha optimal, şəffaf və rahat şəkildə reallaşdırmaq üçün Özəlləşdirmə portalı yaradılıb. Azərbaycan istifadəçiləri ilə yanaşı, ABŞ, Kanada, Rusiya, Fransa və digər ölkələrdən də portalı izləyənlərin sayı az deyil. Bu da onun göstəricisidir ki, Azərbaycanda özəlləşdirmə prosesi xarici investorlar üçün də maraqlıdır. Bundan əlavə, indiyədək portalı ziyarət edənlərin sayının 235 mini ötməsi ümumilikdə bu hərraclara olan yüksək marağın əyani sübutudur.

Bildirilib ki, komitə tərəfindən intensiv olaraq açıq və şəffaf hərraclar keçirilir. Hərraca çıxarılan əmlaka sifariş qaydası və iştirak proseduru da elektron şəkildə olmaqla çox  rahatdır. Hərrac barədə elanlar və hərracların nəticələri komitənin internet resursları və mətbu orqanları vasitəsilə ictimaiyyətə açıqlanır. İndiyədək belə hərraclar vasitəsilə 500-dən çox dövlət müəssisə və obyekti özəlləşdirilməyə çıxarılıb.

Sədr müavini çıxışının sonunda Azərbaycanda həyata keçirilən özəlləşmə prosesinin  yeni mərhələsinin xarici investorlar üçün kifayət dərəcədə maraqlı olduğunu vurğulayıb. Hazırda ölkədə özəlləşdirmə prosesində tətbiq olunan yeniliklərin potensial xarici və yerli investorlara  çatdırmaq və onları sərmayə yatırmağa dəvət etmək baxımından konfransın önəmi nəzərə çatdırılıb.

Konfransda müxtəlif dövlət qurumlarının rəsmiləri ölkədəki iqtisadi mühit, qeyri-neft sektorunun inkişaf perspektivləri, vergi və gömrük siyasəti, strateji özəlləşdirmə və investorlar üçün bu kimi digər maraqlı məsələlərlə bağlı çıxışlar edib. Ölkəyə investisiyaların cəlb edilməsi şərtləri, investorların maraqlarının təmin olunması, sərmayə yatırımı üçün münbit sahələr, investisiyadan sonrakı yenidənqurma və profil üzrə fəaliyyət və digər məsələlərə aydınlıq gətirilib.