Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 və 17 yanvar 2017-ci il tarixində keçiriləcək yeni hərraclara ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 56-sı kiçik dövlət müəssisəsi, 12-si isə nəqliyyat vasitəsidir.  Kiçik dövlət müəssisələri və nəqliyyat vasitələrinin satışı üzrə hərrac 10 yanvarda, səhmdar cəmiyyətlərinin satışı üzrə hərrac isə 17 yanvarda keçiriləcək. 

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.  

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan bir çox əmlaklar torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Hərracda ən yüksək qiymət paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinə təyin olunub. Belə ki, adıçəkilən əmlak 1 milyon 75 min manata iddiaçılara təklif olunacaq. Suraxanı rayon 9 saylı Stomatoloji poliklinikası 796 min 563 manat, Mingəçevirdə yerləşən Quşçuluq yardımçı təsərrüfatı isə 400 min manat start qiyməti ilə hərraca çıxarılıb. Mingəçevir şəhərində yerləşən 9 mərtəbəli binanın 1-ci mərtəbəsindəki istifadəsiz sahə isə 100 min manata təklif olunur.

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Bərdə Mexaniki Təmir”, “Gəncə Sənaye Tikinti”, “Kürdəmir Quşçuluq”, “Salyan İnşaat Xidmət”, “Azərmetalinvest”, “Oğuz Kəndkimya” kimi səhmdar cəmiyyətlər var.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.