Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın rahat və çevik qaydada sənədləşdirilməsi və əhaliyə ünvanlarda çıxarış paylanması tədbirlərini davam etdirir. Belə sosial tədbirlərdən biri olan “Kütləvi çıxarış” kampaniyası çərçivəsində bu dəfə Ağdaş sakinlərinə əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Ağdaş rayonunun bir neçə kəndində baş tutan kampaniyada komitənin mobil ofisləri vətəndaşların yaşadıqları məntəqələrə gedib. Birbaşa həyətlərdə əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar əmlak sahiblərinə təqdim edilib. Belə ki, bu çıxarışlar vətəndaşlara məxsus fərdi həyət evləri, pay torpaqları, həyətyanı torpaq sahələrinə dair verilib.

Bu dəfəki kampaniya zamanı komitənin xüsusi nəqliyyat vasitələrində 60 rayon sakininə hazır çıxarışlar verilib. Eyni zamanda, 30 sakindən onların mülkiyyətinə dair ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib. Bu sosial tədbir sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisinə yol vermədən çıxarışları əldə ediblər. Son nəticədə bu tədbirlər xidmətlərdən vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.

Kampaniya zamanı bır sıra vətəndaş daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı suallarını komitənin hüquqşünaslarına ünvanlayıb. Hüquqi yardım aksiyası çərçivəsində vətəndaşların belə suallarına aydınlıq gətirilib. Beləliklə, hüquqi məsləhətlər sayəsində sakinlər daşınmaz əmlakın qeydiyyatı prosesində zəruri prosedurlarla daha aydın şəkildə öyrəniblər. Müvafiq sənədlərin hansı qurumlardan alınması, hansı rüsum və xidmət haqlarının ödənilməsi, “bir pəncərə” prinsipi ilə sənədləşdirmənin həyata keçirilməsi barədə ətraflı məlumat alıblar. Eyni zamanda, vətəndaşlara rüsum və xidmət haqları barədə məlumatın hazırda daha rahat və tez öyrənilməsi barədə məlumat verilib. Qeyd olunub ki, komitənin rəsmi internet səhifəsində istifadəyə verilən əmlakın qeydiyyatı kalkulyatoru vətəndaşlara bu məbləği sənədləşdirməyə başlamazdan əvvəl tez bir zamanda öyrənməyə imkan verir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Bu yenilik qeydiyyat xidmətlərində şəffaflığın və maarifləndirmənin daha da artırılması və rahatlığın maksimum təmin edilməsi məqsədi daşıyır.

Xatırladaq ki, kampaniya başlandığı ilkin dövrlərdə əgər ancaq həyət evləri və torpaq sahələrini əhatə edirdisə, hazırda həm də paytaxt və bölgələrdəki çoxmənzilli və hündürmərtəbəli binaları da əhatə edir.  İlkin mülkiyyət sənədləri əsasında vətəndaşların mənzilləri rahat və çevik qaydada sənədləşdirilir. Vurğulanmalıdır ki, xidmətlərin çatdırılması üçün əlavə ödəniş tələb olunmur. Mobil xidmətlərdən vətəndaşlar yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqını ödəməklə yararlanırlar. 

Komitənin digər sosial layihəsi olan mobil ofis xidmətləri də hazırda bütün respublika üzrə davam etdirilir. Kənd və qəsəbələrdə, ucqar məntəqələrdə qeydiyyat xidmətləri sakinlərin ünvanına çatdırılır. Belə xidmətlər vasitəsilə indiyədək 72 minə yaxın müraciət təmin olunub.

Qeyd edək ki, belə sosial tədbirlər həm də daşınmaz əmlak bazarının canlanması, hüquqi etibarlı əmlakların sayının artması ilə nəticələnir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakların sayı, eləcə də əmlak xidmətləri ilə bağlı vətəndaşların müraciətləri ilbəil yüksəlir. 2016-cı ildə bütün qeydiyyat xidmətləri üzrə 500 minə yaxın müraciətə baxılıb. Belə xidmətlərə çıxarışın alınması, ilkin mülkiyyət sənədlərinin qəbulu, yüklülük və digər əmlak arayışlarının alınması, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı, texniki ölçmə işlərinin aparılması və digər xidmətlər aiddir.

Bu işlər və eləcə də qeydiyyat prosesinin sadə olması vətəndaşları əmlaklarını sənədləşdirməyə stimullaşdırır, qeydiyyata olan ictimai marağı artırır. Komitənin bütün ölkəni əhatə edən “Kütləvi çıxarış” kampaniyası ötən il 28 şəhər və ya rayonda keçirilib. Kampaniyaya start verildiyi tarixdən indiyədək 10 minə yaxın insan kampaniyadan faydalana bilib.