Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizin ictimai həyatında və dövlət quruculuğu sahəsində xalıqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış köklü islahatlar nəticəsində dövlətimiz beynəlxalq aləmin bərabərhüquqlu üzvünə çevrilmişdir. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratmışdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmiş, dünya miqyasında layiqli yerini tutmuşdur.

Ulu Öndər Azərbaycan Respublikasının gələcək inkişafını demokratik və dünyəvi dəyərlərə söykənən sistemlər üzərində qurmuşdur. Müdrik rəhbərimiz müstəqilliyin ilk illərində respublikamızın milli iqtisadiyyatını səmərəli iqtisadi sistem əsasında, habelə xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabət prinsipləri üzərində qərarlaşdırmaq və inkişaf etdirmək üçün strateji xəttini müəyyən etdi. Buna nail olmaq üçün isə  hökumətin ardıcıl və sistemli iqtisadi islahatlar proqramlarını işləyib hazırlamaq tələb olunurdu. İqtisadi islahat proqramlarının işlənməsi və həyata keçirilməsi prosesində nəzərə alınmalı ən vacib cəhət ondan ibarət idi ki, Azərbaycan vahid mərkəzləşdirilmiş iqtisadiyyatın tərkib hissəsi olan qapalı iqtisadi sistemdən tamamilə müstəqil və suveren dövlətin iqtisadiyyatına - milli iqtisadiyyata keçidi təmin etməli idi. Eyni zamanda, bu mərhələdə iqtisadiyyatın idarə olunması sahəsində hökm sürən inzibati-amirlik metodlarından öz-özünü tənzimləyən sərbəst bazar münasibətlərinə keçid məsələsi həll olunmalı idi.

Xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabətə əsaslanan sərbəst iqtisadi münasibətlər sisteminə keçid bilavasitə mülkiyyət münasibətlərinin kökündən dəyişdirilməsi, iqtisadiyyatın liberallaşdırılması məsələlərini zəruri edirdi.  Demək olar ki, o dövrdə əmlakın 95%-dən çoxunun dövlətin nəzarətində olduğu bir şəraitdə özəlləşdirilmə aktual məsələyə çevrilmişdir. Ümmummilii Liderin rəhbərliyi ilə hökumət səviyyəsində, iqtisadiyyatla məşğul olan elmi təşkilatlar, iqtisadçı alimlər, ictimai-siyasi təşkilatlarla aparılan müzakirələrdə mülkiyyət islahatları və dövlət əmlakının özəlləşdirilməsi iqtisadi islahatların həlledici istiqaməti kimi ön plana çıxırdı.

Bu, hər şeydən əvvəl onunla izah olunurdu ki, ölkə iqtisadiyyatının ilkin əsaslarını təşkil edən müəssisələr, təsərrüfat strukturları və istehsal obyektləri dövlət mülkiyyətində idilər. Belə bir şəraitdə iqtisadiyyatda sabitləşmənin, liberallaşmanın və sahibkarlığın inkişafının təmin olunması bu müəssisələrin tez bir zamanda özəlləşməsindən bilavasitə asılı idi.

Mülkiyyətin özəlləşdirilməsi ölkəmizin özəlləşdirmədən öncə iqtisadi vəziyyəti, ümumi sosial-iqtisadi göstəriciləri və tənəzzül meyilləri ilə də şərtlənirdi.

Həmin dövrdə mövcud iqtisadi fəaliyyət mexanizmlərinin və idarəetmə sistemləri pozulub, respublikalararası və müəssisələrarası iqtisadi əlaqələr tamamilə iflic olmuşdur.  Bu səbəbdən dövlət mülkiyyətində olan müəssisələrin səmərəli idarə olunması, maliyyə-iqtisadi göstəricilərinin ən azı əvvəlki səviyyədə saxlanılması mümkün deyildi. Bu səbəbdən müəssisələrdə çalışan işçilərin iş yerlərinin saxlanılması, nəticə etibarilə məşğulluq problemlərinin qarşısının alınması mümkünsüz olmuşdu. Eyni zamanda dövlət tərəfindən müəssisələrə investisiya qoyuluşlarının kəsilməsi, müəssisələrin isə özlərinin dövriyyə vəsaitlərinin olmaması artıq iqtisadi təsiretmə faktoru olaraq onların təsərrüfat fəaliyyətində ciddi mənfi təzahürlər yaratmışdır. Bununla yanaşı, satış bazarlarının itirilməsi, xammal və resurs mənbələrinin əlçatmazlığı mövcud dövlət müəssisələrinin iflasına səbəb olmuşdur.

Qeyd olunan iqtisadi və sosial  faktorlar, eləcə də respublikanın qüdrətli milli iqtisadiyyatının formalaşması zərurəti mülkiyyətin dövlətin nəzarətindən daha səmərəli mülkiyyətçilərə verilməsini diktə edirdi.

Məlum olduğu kimi, digər keçmiş postsovet ölkələrindən fərqli olaraq Azərbaycanda özəlləşdirmə proqramlarının həyata keçirilməsi müəyyən obyektiv səbəblərdən ləngimişdir. 1991-95-ci illərdə respublikamızda ictimai-siyasi və hərbi sahədə mövcud olmuş gərgin vəziyyət iqtisadi islahatların, o cümlədən özəlləşdirmənin aparılmasına ciddi maneçilik yaratmışdır. Lakin, Ulu Öndərimizin  uğurla həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olduqdan sonra, iqtisadi islahatlara, o cümlədən onun mühüm istiqamətlərindən biri olan dövlət əmlakının özəlləşdirilməsi prosesinə start verilmişdir.

         Əmlakın, müəssisə və obyektlərin özəlləşdirilməsi məsələsi radikal bazar islahatlarını əhatə edən Dövlət Proqramlarının əsas tərkib hissəsi hesab edilmişdir. Azərbaycan dövləti tərəfindən özəlləşdirilməyə ilk gündən iqtisadi inkişafın əsas vasitəsi kimi vahid dövlət siyasəti formasında yanaşılmış, bu sahədəki tədbirlər əlaqəli şəkildə həyata keçirilmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən özəlləşməni həyata keçirən qurumlar qarşısında özəlləşdirmənin iqtisadi səmərə və sosial ədalət prinsipləri əsasında aparılması vəzifəsi qoyulmuşdur.

 Ulu Öndərin qəbul etdiyi  özəlləşdirmə proqramının başlıca məqsədləri iqtisadiyyatın gələcək inkişafı və dirçəlişi, bazar iqtisadiyyatı sisteminin bərqərar olması və normal fəaliyyəti üçün təməl şərtlərinin yaradılması hesab edilmişdir. Bununla yanaşı iqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin və azad sahibkarlığın inkişaf etdirilməsi, müəssisələrə investisiyaların cəlb edilməsi, əhlinin həyat səviyyəsinin və sosial rifahının yaxşılaşdırılması əsas vəzifələrdən idi.

Özəlləşdirmənin qarşısında duran məqsədlərə nə dərəcədə nail olunması onun hansı model əsasında həyata keçirilməsindən çox asılıdır. Özəlləşdirmədən öncə bir çox ölkələrin, o cümlədən Şərqi və Mərkəzi Avropa ölkələrinin, Rusiyanın, Qazaxıstanın, Baltikyanı ölkələrinin özəlləşdirmə təcrübəsi öyrənilərək hazırlanan proqramlarda nəzərə alınmışdır. Təhlillər əsasında Azərbaycanda özəlləşdirmənin qarışıq modeli qəbul edilmiş, dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və respublika vətəndaşlarına əvəzsiz verilməsi qərara alınmışdır.

Yuxarıda qeyd olunan məqsəd və prinsiplər nəzərə alınmaqla respublikamızda özəlləşdirmənin normativ-hüquqi və təşkilati bazası yaradılmışdır. Özəlləşdirmənin hüquqi bazası ilə yanaşı onun təşkilati əsasları yaradılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə 1996-cı ildən etibarən bir sıra nazirlik, dövlət komitəsi, konsern və şirkətlər ləğv edilmiş, onların tabeliyində olan müəssisə və obyektlər özəlləşdirməyə açıq elan edilmişdir. Vahid dövlət siyasəti olaraq müəssisələrin özəlləşdirilməsi ayrı-ayrı nazirlik və baş idarələrdə əlaqəli şəkildə həyata keçirilmişdir.

Özəlləşdirmənin başlandığı dövrdən indiyədək xeyli sayda dövlət müəssisə və obyekti özəlləşdirilmişdir. Dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə də özəlləşdirilmişdir. Bu da müəssisələrin və cəlb edilmiş investorların fəaliyyəti üçün əlverişli şərait yaratmışdır.

İlkin təhlillər göstərir ki, müsabiqə yolu ilə özəlləşdirilmiş keçmiş dövlət müəssisələrinin fəaliyyətində özəlləşdirmədən sonra əsaslı dönüş yaranmış, müəssisələrdə rəqabət qabiliyyətli məhsulların istehsalına nail olunmuşdur. Eyni zamanda, həmin müəssisələrdə çalışmış minlərlə insanlar iş yerlərinə qayıtmış və yeni iş yerləri açılmışdır.

Artıq qeyd etmək olar ki, geniş miqyaslı özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi prosesinin məntiqi nəticəsi olaraq müəssisələrin əmək kollektivləri üzvləri və digər vətəndaşlar işlədikləri müəssisələrin habelə maraq doğuran başqa müəssisələrin mülkiyyətçilərinə və səhmdarlarına çevrilmişlər.

Özəlləşdirmə prosesində diqqət veriləsi ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi, restrukturizasiyası və sağlamlaşdırılması məsələləridir. Bu sahədəki tədbirlər həmin müəssisələrə vergi, kredit, gömrük və digər bu kimi güzəştlərin edilməsini bazarın və istehsalçıların qorunması məsələlərini əhatə edir. Aparılan təhlillər göstərir ki, özəlləşdirmənin ilk illərində çoxlu sayda özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin lazımi səviyyədə dəstəklənməməsi səbəbindən istehsalın bərpası, iş yerlərinin açılması və onların səmərəli fəaliyyəti təmin olunmamışdır. Əsasən emal və istehsal yönümlü müəssisələrdə konserv, şərabçılıq, quşçuluq, yeyinti, yüngül sənaye müəssisələrində yeni mülkiyyətçilər lazımi iqtisadi nəticələri əldə etməmişdir. Burada özəlləşmiş müəssisələrin dövriyyə vəsaitlərinin olmaması özəlləşdirilənə qədər yığılıb qalmış kreditor borclar, yerli istehsalçıların mənafelərinin qorunmaması kimi problemlər onların fəaliyyətinə ciddi əngəl yaratmışdır.

2000-ci ildən başlayaraq Ulu Öndər tərəfindən imzalanmış müvafiq fərman və sərəncamları ilə özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi və sahibkarlığın inkişafı məqsədi ilə zəruri qərarlar qəbul edilmişdir. Özəlləşdirilən müəssisələrin dövlətə və dövlət təşkilatlarına olan borclarının silinməsi barədə qanunun qəbulu müəssisələrin fəaliyyətində iqtisadi aktivliyi artırmış, investisiyaların cəlb edilməsini və təşəbbüskarlığı təmin etmişdir. Özəlləşdirilən müəssisələrin məcburi sosial ödəmələrinin tənzimlənməsi barədə müvafiq qərar qəbul edilmişdir. Bu da özəlləşənə qədər dövlət müəssisələrinin əlilliyə görə müavinət, pensiyalar, müxtəlif təyinatlı sosial borclarının büdcə vəsaiti hesabına ödənilməsini nəzərdə tutmuşdur.

Özəlləşdirmənin sonrakı mərhələsi iqtisadiyyatın mühüm sahələrinə aid olan müəssisələri əhatə etmişdir. Özəlləşməyə açılmış maşınqayırma, metallurgiya, neft-kimya, kimya sahələrinin investisiyaya olan tələbatının dolğun ödənilməsi məqsədi ilə strateji investorlarla daha çox əməkdaşlıq qurulmuş və iqtisadiyyatın aparıcı müəssisələri kimi onların əlverişli üsullarla özəlləşdirilməsi təmin olunmuşdur.

Qeyd edilməlidir ki, özəlləşdirmənin I Dövlət Proqramında torpaq sahələrinin özəlləşdirilməsi öz əksini tapmamışdı və bunun da obyektiv səbəbləri vardı. Çünki proqram təsdiq ediləndə “Torpaq islahatı haqqında Qanun” qəbul edilməmişdi və torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi respublikada həyata keçirilmirdi. Bütün bu məsələlər ulu öndərin 2000-ci ildə imzaladığı müvafiq fərmanları ilə təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nda və “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda öz həllini tapmışdır.

Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8,7 mln hektar torpaq sahəsindən 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı, 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi, 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı.

           Həmin dövrdə respublikada artıq sağlam rəqabət mühiti formalaşmağa başlamışdı. Nəticədə torpaq sahələrinin alqı-satqısı, girov qoyulması, bağışlanması və s məsələlərlə bağlı yeni qanunun qəbul edilməsinə ehtiyac duyulurdu. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1999-cu ildə “Torpaq bazarı haqqında Azərbaycan Respublikasının Qanunu”nun qəbul edilməsi ilə nəticələndi.

          Həmçinin qeyd etmək lazımdır ki, dahi rəhbərin hakimiyyəti dövründə müvafiq fərmanlarla qüvvəyə minmiş “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı torpaqların monitorinq və yerquruluşu haqqında”, “Torpaqların münbitliyi haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və bir sıra digər qanunları qəbul edilmişdir. Bu geniş miqyaslı fəaliyyət həmin dövrlərdə torpaq islahatı sahəsində normativ hüquqi bazanın formalaşmasını təmin etdi.

Eyni zamanda 2001-ci ildən bələdiyyələrin mülkiyyətinə verilən torpaq sahələrinin  sərhədləri müəyyənləşdirildi. Bununla da yeni bir mülkiyyət növünün - bələdiyyə mülkiyyətinin əsası qoyuldu. Ümummilli liderimizin rəhbərliyi ilə  həyata keçirilən əsaslı islahatların gedişində özəlləşdirmə ilə yanaşı, dövlət əmlakının idarə edilməsinin yeni sistemi qurulmuşdur. Bu sahədə müvafiq dövlət qurumları yaradılmış, zəruri qanunvericilik bazası formalaşdırılmışdır. Ulu Öndərin Fərmanlarına uyğun olaraq dövlət əmlakının registrinin yaradılması və aparılmasının, icarəyə və istifadəyə verilməsinin, habelə dövlət əmlakından səmərəli istifadəyə edilməsinə nəzarətin çevik mexanizmləri müəyyən edilmişdi.  

Ulu Öndərin özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi sahəsində müəyyən etdiyi strategiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentin bu sahədə uğurlu fəaliyyətinin əsas istiqamətlərindən biri özəlləşdirmə prosesinin daha da sürətlənməsi ilə bağlı  olmuşdur.  Bu sahədə aparılan işlərə təkan vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanını imzalayıb. Fərmanda dövlət əmlakının özəlləşdirilməsinə şəffaflığın və məlumatlandırmanın, həmçinin müvafiq prosedurların eklektron üsulla gerçəkləşdirilməsinin təmin edilməsiöz əksini tapır.  Əmlak Məsələləri Dövlət Komitəsi isə verilən tapşırığa uyğun olaraq  özəlləşdirmə prosesinin sürətləndirilməsi, rəqabət mühitinin formalaşdırması, iqtisadiyyata investisiyalar cəlb edilməsi, özəlləşdirmə prosedurlarının elektron üsullarla həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsinin şəffaf və açıq şəraitdə, ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunmaqla həyata keçirilməsi istiqamətində işlərini davam etdirir.

Möhtərərm prezident cənab İlham Əliyevin bu sahədə fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkədə Torpaqların Elektron Kadastr Uçot Sisteminin yaradılması ilə bağlıdır. Bununla əlaqədar məsələ “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapır. Ölkə başçısının tapşırığına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublikada Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işləri davam etdirilir. Artıq 12 rayonda - Şəki, Cəlilabad, Salyan, Göygöl, Zaqatala, Oğuz, Balakən, Ağsu, Xızı, Beyləqan, Siyəzən və Abşeron rayonlarında elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlanılmışdır.  Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib.

Cənab prezident  ölkədə daşınmaz əmlakın qeydiyyatı sisteminin müasir reallıqlara uyğun surətdə yenidən qurulmasına da xüsusi diqqət ayırıb.  Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 iyun tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sisteminin inkişafı üzrə Tədbirlər Planı ” təsdiqləndi. Tədbirlər planına uyğun olaraq ölkədə “Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi” yaradıldı, sistemin texniki təminatı gücləndirildi və ərazi idarələrində lokal kompyuter şəbəkəsi quruldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində ölkədə ünvan reyestrinin aparılmasına xüsusi diqqət ayrılıb. Ölkə rəhbərliyi tərəfindən imzalanan “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə" Fərmanına əsasaən  ölkədə mövcud olan ünvan sistemi hərtərəfli təhlil edilmiş, beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilmiş, beynəlxalq şirkətlərin iştirakı ilə Ünvan Reyestri İnformasiya Sistemi yaradılmışdır. "Bina ünvanı konsepsiyası"ndan "giriş ünvanı konsepsiyası"na keçid oldu.

Qarşıdakı dövrdə  Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da müəyyən olunmuş prioritetlərə uyğun olaraq, özəlləşdirmə prosesinin  dinamikliyinin təmin edilməsi ilə yanaşı, özəlləşdirmənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Əmlak Məsələləri Dövlət Komitəsi ölkə başçısının fərman və tapşırıqlarından irəli gələrən məsələlərə - daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmət keyfiyyətinin daha da yüksəldilməsi və müasir standartlar səviyyəsində qurulması, hüquqların qeydiyyatı ilə bağlı daxil olan hər bir müraciətə operativ yanaşılmasına xüsusi önəm verir. Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili ilə bağlı qəbul etdiyi qərarların icrası istiqamətində Komitə tərəfindən müvafiq işlər həyata keçirilir. Əmlak qeydiyyatı sahəsində tətbiq edilən elektron xidmətlər son bir necə ildə daşınmaz əmlakın idarəçiliyi və qeydiyyatı sisteminin inkişafı ilə bağlı görülmüş tədbirlərin məntiqi davamıdır. Son illər əmlak qeydiyyatı sistemi səmərəlilik və şəffaflıq baxımından əhəmiyyətli dərəcədə təkmilləşib. Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri olan çevik və etibarlı informasiya sistemi formalaşdırılır.

Son bir neçə ildə görülmüş işlərin nəticəsidir ki, Doing Business hesabatlarında əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində Azərbaycan ön sıralardadır.

 Zamanın çağırışlarına və ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq  özəlləşdirmə və dövlət əmlakının idarə edilməsində  müasir texnologiyalardan istifadə edilməsi, şəffaflığın yüksəldilməsi, bu sahələrdə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətində zəruri işlər davam etdirilir.