Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 27 may 2017-ci il tarixində Balakən rayonunda növbəti  vətəndaş qəbulu keçirib. Qəbulda Balakən və Zaqatala rayonlarından olan sakinlərin müraciətlərinə baxılıb. Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edib.

Qəbulda iştirak edən bir neçə vətəndaş müraciətləri daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı olub. Eyni zamanda qəbul çərçivəsində bir sıra rayon sakini tərəfindən torpaqlardan təyinatına və kateqoriyasına, əsasən də kənd təsərrüfatı təyinatlı torpaqlarda istifadə qaydaları ilə bağlı müraciətlər edilib. Həmçinin qəbulda vətəndaşlar tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, hərraclarda iştirakla bağlı müraciətlər da səsləndirilib. Müraciətlərin bir qismi sorğu xarakteri daşıyıb. Bu səpkili müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyin tələbləri barədə ətraflı izahatlar verilib.

Komitə sədri vətəndaşlarla görüşdə qeyd edibki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda aparılmış dəyişikliyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları vətəndaşlar arzu etdikləri təqdirdə elektron variantda əldə edilməsi imkanı yaradılmışdır. Bu yeniliyə əsasən daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarışlar elektron müstəviyə keçirilmişdir. Ərizəçilər daşınmaz əmlaklarına dair sənədi istərlərsə əvvəlki kimi kağız ala bilərlər. Eyni zamanda arzu edən vətəndaşlar çıxarışlarını elektron hökümət portalı vasitəsi ilə elektron imza ilə təsdiqlənmiş olaraq əldə edə bilərlər.  Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında o cümlədən notariat kontorlarında tam istifadə edə biləcəklər.

Qanuna edilmiş dəyişiklik vətəndaş məmur ünsiyyətinin azalmasına, vətəndaşların sənəd əldə etmək üçün dövlət orqanına getmədən internet vasitəsi ilə əldə etməsinə, vaxt itkisinin qarşısını almağa, şəffaflıq və rahatlığa xidmət edən növbəti ıslahatlardan biridir.

Komitə sədrinin verdiyi tapşırıqlar nəticəsində bir sıra vətəndaş müraciətləri dərhal qəbul günü öz müsbət həllini tapıb. Bəzi vətəndaş müraciətləri araşdırma tələb etdiyi üçün qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi vətəndaşlara bildirilib. Bir sıra müraciətlərin vətəndaşların iştirakı ilə araşdırılması məqsədilə komitə sədri tərəfindən tapşırıqlar verilib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib. Komitə sədri Kərəm Həsənov qəbulda iştirak edən müvafiq sahə rəhbərlərinə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, hər bir vətəndaşın müraciətinə fərdi yanaşılması barədə tapşırıqlar verib. Eyni zamanda fəaliyyət istiqamətləri üzrə qanunvericiliyin tələblərinin qorunması, fəaliyyət istiqamətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərə operativ şəkildə baxılması üzrə göstərişlər verib.

Komitə sədri vətəndaşlarla görüşdə qeyd edib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əhaliyə göstərilən xidmətlərdə rahatlıq və operativliyin təmin olunması məqsədi ilə elektron xidmətlərin tətbiqinə, habelə birbaşa ünvanlarda vətəndaşlara xidmətlərin göstərməsinə xüsusi diqqət ayırır. Hal hazırda komitənin 3 SMS və 31 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Son olaraq istifadəyə verilən “Elektron hərrac” layihəsinin məqsədi də məhz vətəndaşların hərraclarda daha rahat iştirakını təmin etməkdir. Tətbiq edilən elektron xidmətlərin sayının artırılması gələcəkdə reallaşdırılacaq əsas prioritetlərdən hesab olunur. 

Qəbul çərçivəsində vətəndaşların diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması ilə bağlı aparılan işlər öz müsbət nəticələrini verir. Belə ki, kadastr uçotunun nəticələrinə istinad edilməklə ilk dəfə Xaçmaz rayonunun Müqtədir qəsəbəsi və Vələmir kəndi, o cümlədən Siyəzən rayonunun Dağquşçu, İmişli rayonunun Hacımustafalı kəndlərində uzun illərdən bəri torpaq payı almaq arzusunda olan insanlara torpaq payları ayrılmışdır. Bu sahədə görülən işlər, vətəndaşlara pay torpaqlarının ayrılması kənd təsərrüfatının daha da inkişaf etməsinə, məşğulluğun artmasına zəmin yaradır.

Qəbul zamanı bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların təyinatına uyğun səmərəli istifadəsi məsələlərinə mühüm önəm verilir. Hazırda, Nazirlər Kabinetinin sərəncamları ilə 21 rayon üzrə 160 min hektara yaxın torpağın təyinatı artıq dəyişdirilmiş, həmin ərazinin 118 min hektardan artıq torpaq sahəsində “Aqropark”lar yaradılmışdır. Komitə, yerli icra hakimiyyəti orqanları ilə birlikdə səmərəsiz istifadə olunan torpaqların istifadə vəziyyətini təhlil edilərək 201 min hektardan artıq sahənin geri alınması təmin etmişdir. Hazırda həmin torpaqların daha səmərəli istifadə olunması, habelə istifadədən kənarda qalan torpaqların əkin dövriyyəsinə qaytarılması sahəsində geniş tədbirlər görülür.

Komitə tərəfindən həyata keçirilən bütün bu xidmətlərdə başlıca məqsəd vətəndaşların rahatlığını təmin etmək, xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısını almaq, operativ və səmərəli xidmət göstərməkdir.