Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə iyunun 13-də “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminar keçiriləcəkdir. Tədbir  görkəmli coğrafiyaçı və torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunub.

Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə iştirak edəcəklər. Konfransda torpaq idarəçiliyində müasir yanaşmalar, kadastr məlumatlarından istifadənin elmi əsasları, coğrafiya-informasiya sistemlərinin tətbiqi, torpaqlardan istifadə problemlərinin araşdırılması və digər bu kimi mövzularda təqdimatlar olacaqdır. Elmi-praktiki seminarın keçirilməsində məqsəd torpaq idarəçiliyində kadastr məlumatlarından və aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə, torpaq ehtiyatlarının mənimsənilməsində coğrafi informasiya məlumatlarının rolu, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması məsələlərində ən son elmi nailiyyətlərinin tətbiqi və bu sahədə əməli  təkliflərin hazırlanmasıdır.

Konfrans çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında torpaq ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barəsində memorandumun imzalanması nəzərdə tutulur.

Konfrans 13 iyun saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin inzibati binasında keçiriləcəkdir. (Bakı Soveti metro stansiyasının yanı)

Əlaqə telefonu: (050) 235 30 33, (012) 490 24 72

Hörmətlə, 

Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri:                 Qulu Xəlilov