Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəffaflıq və operativlik, korrupsiya ilə mübarizə, ictimai agahlıq və aşkarlıq, sosial məmnunluq kimi prinsiplər ölkəmizin sosial-iqtisadi inkişafının prioritetləri elan edilib. Əmlak Məsələləri Dövlət Komitəsi də müasir informasiya-kommunikasiya texnologiyalarının, sosial xidmətlərdə innovativ və operativ üsulların tətbiqi, bu xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, bürokratik meyllərin və hüquqi maneələrin tamamilə aradan getməsi, xidmətlərdə vaxt aparan prosedurların maksimum sadələşdirilməsi kimi məsələlərə xüsusi önəm verir. Göstərilən xidmətlərdə şəffaflıq, rahatlıq, əlçatanlıq, vətəndaş məmnunluğu, ictimai agahlıq və maarifləndirmə kimi məsələlər komitənin fəaliyyətində mühüm prinsiplər kimi daim önə çəkilir. Odur ki görülən mühüm işlər nəticəsində yüksək nəticələr əldə edilir. Bu özünü Açıq Hökumət Platformasının “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqinin nəticəsində də göstərir.

Monitorinq dövlət qurumlarının xidmət mərkəzlərinin fəaliyyət prinsipləri və şəffaflıq standartlarının müəyyən edilməsi istiqamətində aparılıb. Belə monitorinqlərdən biri də seçmə üsulu ilə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi ofislərində keçirilib. Təhlillərin nəticələrinə əsasən ərazi ofisləri xidmətlərdə əlçatanlıq və prosedurların sadələşməsi baxımından xidmət mərkəzləri arasında ikinci yerdə qərarlaşıb. Nəticələrə əsasən Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ərazi ofislərində şəffaflıq 84,48%, rahatlıq 77,78%, operativlik 90,91% məsuliyyət 85,71%, nəzakətlilik və vətəndaş məmnuniyyəti müvafiq olaraq 100% təmin olunub.

Müəyyən olunub ki, idarə, müraciət zamanı istifadə edilən ərizə və ya digər xüsusi formalar barədə məlumatları detallı şəkildə internetdə yerləşdirib, hesabatları vaxtında açıqlayıb. Bundan başqa mobil xidmətin olması və bununla bağlı cədvəlin açıqlanması, vebsaytda daşınmaz əmlakın qeydiyyatı zamanı ödəniləcək rüsumların əvvəlcədən hesablanmasını təmin edən kalkuyatorun mövcudluğu nəticələrin müsbət olmasına imkan verib. Sorğuların keçirilməsi üçün reqlamentin olması və məmnuniyyət üzrə sorğuların nəticələrinin ictimaiyyətə açıqlanması, xidmətin göstərilmə müddətinin seçmə imkanının olması, fasiləsiz və həftənin bütün günü işləməsi də əsas üstün cəhətlərdəndir.

Əldə olunan bu nəticə özünü beynəlxalq reytinq cədvəllərində də göstərir. Belə ki, aparılan məqsədyönlü fəaliyyət ölkəmizin beynəlxalq reytinq cədvəllərində ön sıralara keçməsinə şərait yaradır.

Əmlak Məsələləri Dövlət Komitəsinin özəllləşdirmə ilə bağlı keçirilən hərracların açıq şəraitdə baş tutması və istənilən şəxsin sərbəst qatılmaq imkanının olması, daşınmaz əmlakın maneəsiz qeydiyyatı və digər bu kimi işlər monitorinqinin nəticələrini müsbət edib. Nəticədə  şəffaflığın dərəcəsinin 84,48% olmasına imkan verib.

Komitənin fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin olması, bu sferanın daha da genişləndirilməsi, əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi, onlayn və SMS xidmətlərinin mövcudluğu, səyyar xidmətlərin göstərilməsi rahatlıq dərəcəsi üzrə yüksək nəticə əldə edilməsinə gətirib çıxarıb. 

Bundan başqa “Kütləvi çıxarış kampaniyası vasitəsilə əhalinin yerlərdəcə daşınmaz əmlaklarına dair çıxarışa sahibi olması, vətəndaşın suallarını anındaca cavablandıran vahid çağrı mərkəzinin mövcudluğu operativliyi artıran səbəblərdəndir.

Yüksək ixtisaslı kadrlar tərəfindən, mobil ofislər vasitəsilə vətəndaşlara xidmət göstərilməsi, vaxtında xidmətin çatdırılması və digər amillər vətəndaş məmnunluğunu təmin edir. 

Qeyd edilməlidir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi ofisləri hüquqların dövlət qeydiyyatını, reyestr, inventarizasiya və qiymətləndirmə işlərini həyata keçirir.