Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən torpaqların dəqiq uçotu, torpaq idarəçiliyi və inzibatçılığında yeni çağırışların və müasir yanaşmaların tətbiqi ilə bağlı Fərman və tapşırıqlar verilib. Əmlak Məsələləri Dövlət Komitəsi də bu tapşırıqların icrası məqsədilə ardıcıl olaraq genişmiqyaslı tədbirlər həyata keçirir. Ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin Yaradılması işi müvəffəqiyyətlə icra olunur. Komitə aparılan fəaliyyətə paralel olaraq görülən işlər barəsində ictimaiyyəti məlumatlandırır və maarifləndirici tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri avqustun 15-də Daşkəsəndə baş tutub.

Əmlak Məsələləri Dövlət Komitəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilən müşavirə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli fərmanından irəli gələn məsələlərin Daşkəsən rayonunda da icrası ilə bağlı görülən işlərə həsr olunub. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun aidiyyəti üzrə idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müşavirəni giriş nitqi ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, Prezident İlham Əliyevin ölkədə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında müvafiq fərmanında nəzərdə tutulan Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkəmizin bütün ərazilərində və bölgələrində maarifləndirmə işlərinin keçirilməsi ilə bağlı təşkilati dəstəyin verilməsi yerlərdə yerli icra hakimiyyəti orqanlarına tapşırılıb və bələdiyyələrə tövsiyə edilib.

Qeyd edilib ki, həmin fərmanının rayonda da icrası ilə əlaqədar olaraq cari ildə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Vurğulanıb ki, görülən işlər nəticəsində dəqiq torpaq balansına nail olunacaq, istifadədə olan torpaqlardakı mövcud uyğunsuzluqlar aradan qaldırılacaq, torpaq üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı prosesi sürətlənəcək, rayon ərazisindəki torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, onların münbitliyinin qorunması, torpaqların mühafizəsi sahəsində geniş imkanlar yaranacaqdır.

Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi, ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, eləcə də bələdiyyə xəritələrinin hazırlanması yerlərdə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçiriləcəkdir.

Daha sonra çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev tədbir iştirakçılarına məlumat verib ki, artıq torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinə 29 rayonda start verilib, 12 rayonda işlər tamamlanıb, 14 rayonda isə tamamlama ərəfəsindədir.

Ramiz Quliyev, həmçinin qeyd edib ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə ölkədə torpaq ehtiyatlarının idarə olunmasında, torpaq balansının tərtib edilməsində, torpaqlardan daha səmərəli istifadə olunması ilə müvafiq təkliflərin hazırlanmasında, torpaq mülkiyyətçilərinə və istifadəçilərinə subsidiyaların verilməsində, torpaq hüquq münasibətlərinin tənzimlənməsində, torpaq bazarının təşkilində, torpaq üzərində hüquqların qeydə alınmasında, bir sözlə torpaq üzərində bütün münasibətlərin tənzimlənməsində mövcud olan bir sıra problemlərin həlli təmin ediləcəkdir.

Müzakirə şəraitində davam edən tədbirdə bir sıra məsələlərlə bağlı suallar cavablandırılıb.