Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.

Növbəti belə qəbul iyun ayının 20-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Qəbələ şəhərində keçirilib. Qəbulda Qəbələ, İsmayıllı, Oğuz və Şəki rayonlarından olan vətəndaşlar iştirak edib, onların müraciətlərinə baxılıb, təklif və xahişləri dinlənilib.

Səsləndirilən müraciətlər daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, işə qəbul və digər sosial məsələlərlə bağlı olub.

Komitə sədri qəbula gələn hər bir vətəndaşın müraciətinə diqqətlə dinləyib. Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlər qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapıb.  Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi qaydalar izah edilib və araşdırılmalı müraciətlər qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata götürülüb.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Komitə sədri tərəfindən vətəndaşların müraciətləri mütəmadi diqqət mərkəzində saxlanılır. Növbəti aylarda da respublika üzrə belə vətəndaş qəbulları keçiriləcəkdir.