08 avqust 2014-cü il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsində vətəndaşlar, maraqlı tərəflər və mətbuat nümayəndələri üçün “Açıq qapı” günü-vətəndaş forumu və hüquqi maarifləndirmə tədbiri keçirilib.

“Açıq qapı” gününün təşkilində başlıca məqsəd ictimaiyyəti müasir əsaslarla qurulmuş daşınmaz əmlakın qeydiyyatı prosesi, günün tələblərinə cavab verən xidmət şəraiti ilə yaxından tanış etmək, vətəndaşlara qeydiyyatla bağlı hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat, çevik və modern xidmətləri nümayiş etdirmək, vətəndaşların və KİV nümayəndələrinin bu istiqamətdə suallarını cavablandırmaqdır.

Qeyd edək ki, komitə tərəfindən bu tədbir “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilib. “Açıq qapı” günündə vətəndaşlar ərazi idarəsində qeydiyyat prosesini izləmək və yaxından tanış olmaq imkanı əldə ediblər. Tədbirdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iş prinsipi, qeydiyyat prosedurları, hüquqi tələblər və zəruri sənədlər, habelə, sənədlərin qəbulu və hazırlanması qaydaları iştirakçılara əyani nümayiş etdirilib və izah edilib. Bildirilib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün yüksək səviyyədə şərait yaradılıb. Bakı şəhərinin bütün rayonları və respublikanın bütün bölgələri üzrə günün tələblərinə cavab verən müasir ərazi qeydiyyat idarələri vətəndaşlara xidmət göstərir. Belə idarələrdə fəaliyyət müasir əsaslarla qurulub və modern idarəetmə sistemi tətbiq edilir. Xidmətlər zamanı növbəliliyin tənzimlənməsi məqsədilə qəbul zallarında elektron növbəlilik aparatı quraşdırılıb. Vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub. Qəbul şöbələrində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı informasiya və hüquqi maarifləndirmə guşələri yaradılıb. Əsas hədəf isə daşınmaz əmlakın qeydiyyatında vətəndaşlara keyfiyyətli, şəffaf, və rahat xidmətlərin göstərilməsi ilə sosial məmnunluğu artırmaqdır.

Eyni zamanda, komitənin dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron və onlayn xidmətləri barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclarda iştirak üçün sifarişlərin elektron qaydada qəbulu həyata keçirilir. Dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icarəsi üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsinə dair elektron xidmətlər fəaliyyət göstərir. İndiyədək elektron xidmətlər vasitəsilə 77000-dən çox müraciət daxil olub və təmin edilib. “Açıq qapı” günündə qeyd olunan elektron xidmətlər əyani olaraq nümayiş etdirilib, istifadə qaydaları izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb.  

Tədbirdə komitənin mobil ofis xidmətləri barədə də geniş məlumat verilib. Mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar) ünvanına çatdırılır. İndiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 10000-ə yaxın vətəndaşa qeydiyyat xidmətlərinin göstərildiyi qeyd olunub. “Açıq qapı” günündə mətbuat nümayəndələri, vətəndaşlar və digər şəxslərin verdikləri suallar cavablandırılıb. Həmçinin daşınmaz əmlakın qeydiyyatının sosial-iqtisadi üstünlükləri və faydaları iştirakçıların diqqətinə çatdırılıb. “Açıq qapı” günü-vətəndaş forumunun təşkili sayəsində vətəndaşlar və maraqlı şəxslər daşınmaz əmlakın qeydiyyatı, elektron xidmətlər ilə bağlı məlumatları artıb və daha dolğun, ətraflı informasiyalar əldə ediblər.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ictimai agahlıq və məlumatlılığın təmin edilməsi məqsədilə qarşıdakı aylarda da belə “Açıq qapı” günlərinin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, bu gün Xaçmazda daşınmaz əmlakın qeydiyyat və kadastrı sahəsində vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçünhüquqi maarifləndirmə seminarı keçirilib. Seminar Komitənin Aparatı və regional idarələrinin, aidiyyəti dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, əmlak bazarı iştirakçıları, notariat orqanlarının nümayəndələri iştirakı ilə keçirilib.

Belə maarifləndirici tədbirlərin təşkilində məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maariflənmənin təmin olunması, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır. Eyni zamanda, dövlət qurumları, əhali və digər aidiyyəti tərəflərə qeydiyyat prosesinin praktik tərəflərinin dolğun şəkildə çatdırılmasıdır.

Xatırladaq ki, belə maarifləndirici tədbirlər Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi çərçivəsində həyata keçirilir. Bu ilin yanvar ayında ilk dəfə olaraq Lənkəran şəhərində start verilən hüquqi maarifləndirmə tədbirləri il ərzində Mingəçevir, Şamaxı, Şirvan və Bərdə rayonlarında da təşkil edilib. Belə tədbirlərin ilin sonunadək keçirilməsi nəzərdə tutulur.

Tədbirdə qeyd olunub ki, komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı ictimai agahlıq və hüquqi izahat işlərinin aparılması şəffaflığın təmin olunmasında birbaşa təsiredici amillərdəndir. Bu baxımdan belə maarifləndirmə tədbirləri qeydiyyat və kadastr sahəsində şəffaflıq və effektivliyin yüksəlməsində böyük təkan olacaqdır.