Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikanın müxtəlif bölgələrində vətəndaş qəbullarının keçirilməsi davam etdirilir.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 10 yanvar 2014-cü il tarixində Lənkəranda növbəti vətəndaş qəbulu keçirilib.
Vətəndaş qəbulunda Lənkəran, Lerik, Astara, Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edib. Komitə sədri vətəndaşların müraciətlərinə baxıb, onların təkliflərini dinləyib. Müraciətlər, əsasən, daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət istiqamətlərinə aid olub.
Komitə sədri müraciətlərdə qaldırılan bəzi məsələlərin operativ həlli üçün müvafiq göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, bu məsələlərin həlli üçün zəruri addımların atılacağı bildirilib. Araşdırma tələb olunan müraciətlər isə qeydiyyata alınıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən belə vətəndaş qəbullarının təşkili və vətəndaşların müraciətlərinin dinlənilməsi növbəti aylarda da davam etdiriləcəkdir.