Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən BMT Avropa İqtisadi Komissiyası (AİK) və Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində 28 noyabr 2014-cü il tarixində Bakı şəhərində “BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” mövzusunda beynəlxalq tədbir keçiriləcəkdir.

Komitənin fəaliyyətində BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) və digər əlaqədar təşkilatları, Dünya Bankı, inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri önəmli yer tutur.

Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı, ünvan reyestrinin aparılması sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrənilir və ölkəmizdə tətbiqi istiqamətində ardıcıl işlər həyata keçirilir.

Bu baxımdan, Əmlak Məsələləri Dövlət Komitəsinin ev sahibliyi etdiyi bu beynəlxalq tədbir nəinki ölkəmiz üçün, habelə beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir. Belə ki, komitənin BMT Avropa İqtisadi Komissiyası və Dünya Bankı ilə birgə təşkil etdiyi bu tədbirdə BMT AİK-ə üzv olan dünyanın 56 dövlətinin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, İsveçrə, İtaliya, Portuqaliya, İrlandiya, Yunanıstan, Finlandiya, Avstriya, Niderland, Rusiya, Türkiyənin nümayəndələri iştirak edəcəkdir. Eyni zamanda, beynəlxalq tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Dünya Bankının, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatların, yerli icra hakimiyyəti orqanlarının, işgüzar dairələrin, habelə xarici ölkələrin Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. 

Tədbir çərçivəsində BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu tərəfindən BMT AİK-in 56 üzv dövlətinin daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi Layihəsinin təqdimatı keçiriləcəkdir. Bu Layihə milli daşınmaz əmlak idarəçiliyi sistemləri xidmətlərinin təhlili, məlumat təhlükəsizliyi, habelə fövqəladə hallarda daşınmaz əmlak idarəçiliyi məlumatlarının bərpa olunması üzrə təcrübələri ehtiva edir. Bununla yanaşı, Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı çərçivəsində əmlaklar üzrə məlumatların hazırkı və yeni alternativ istifadə qaydaları barədə fikir mübadiləsi aparılacaqdır. Beynəlxalq tədbirdə, həmçinin, daşınmaz əmlak idarəçiliyi üzrə Könüllü Təlimatlar Toplusunun təqdimatı həyata keçiriləcəkdir.

 

Tədbirdə iştirak etmək istəyən Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin 28 noyabr 2014-cü il tarixində saat 09:00-da “Hilton Baku” Hotelinin 2-ci mərtəbəsi, “Sevda” zalında olmaları xahiş olunur.

 Ünvan: Azadlıq prospekti 1B, Bakı AZ 1000

Əlaqə telefonu: (012) 490 24 08 (daxili 111),  (050) 235 30 33

 

Aşağıdakı linkdə beynəlxalq tədbirlə ətraflı tanış ola bilərsiniz:

http://emdk.gov.az/index.php/az/media-%C3%BC%C3%A7%C3%BCn/konfrans