İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları üçün Türkiyə Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun mütəxəssisləri tərəfindən 21-22 aprel tarixlərində daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair onlayn təlim keçirilib. Təlim Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında qəbul edilən Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində reallaşıb.
Xidmətin 65 əməkdaşının iştirak etdiyi onlayn təlimdə daşınmaz əmlak üzərində yüklülüyün (məhdudiyyətlərin) qeydiyyatı sahəsində, çoxmənzilli binalardakı mənzillər, habelə həmin binaların yerləşdiyi torpaq sahəsindəki paylara mənzil mülkiyyətçilərinin hüquqlarının tanınması sahəsində Türkiyə təcrübəsi öyrənilib. Qardaş ölkənin mütəxəssisləri daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı sistemlərinin inteqrasiyası mexanizmləri, kadastr məhkəmələrinin fəaliyyəti, daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi sahələrindəki biliklərini bölüşüblər. Onlayn təlimdə həmçinin, daimi fəaliyyət göstərən peyk-geodeziya istinad şəbəkəsinin istismarı və modernləşdirilməsi üzrə Türkiyə təcrübəsi barədə məlumat verilib.