İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti göstərilən xidmətlərlə bağlı sorğuların dərhal cavablandırılması, vətəndaşların hüquqi məlumatlandırılması və prosedurların izahı məsələlərinə diqqətlə yanaşır. Xidmətin fəaliyyəti ilə bağlı sorğular 193 Çağrı Mərkəzi, rəsmi sayt (emlak.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) onlayn məsləhət pəncərəsi, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələr vasitəsilə cavablandırılır.
2021-ci ilin ilk 3 ayı ərzində Çağrı Mərkəzi, onlayn çat  və sosial şəbəkələr vasitəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə 18 835 müraciət daxil olub. Onlardan 18 275-i 193 Çağrı Mərkəzinin, 560-ı isə onlayn resursların payına düşür. Çağrı Mərkəzinə daxil olan müraciətlərin 18 100-ü sorğu və müraciət xarakterli, 175-i isə araşdırma tələb edən məsələlər olub.
Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, dövlət reyestrindən arayışların verilməsi, Əmlak Xidmətləri Məkanında növbəyə yazılmaq, xidmətlərə dair dövlət rüsumu və xidmət haqqı, dövlət əmlakının özəlləşdirilməsi və digər məsələləri əhatə edib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzi həftə içi hər gün saat 9:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.