İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son dövrlər dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edilib.

İcarə müqaviləsinin sayında artım

Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində icarə bazasının genişləndirilməsinə nail olunub və bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində görülmüş tədbirlər nəticəsində ümumilikdə 1531 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 631-i qeyri-yaşayış sahələri üzrə,  900-ü isə torpaq sahələrinə dair olub.   

Bununla yanaşı hesabat dövrü ərzində 461 icarə müqaviləsinin müddəti uzadılıb, 146 icarə müqaviləsi ləğv edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində 1177 və ya  3,3 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

İcarədən daxilolmalar

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-noyabr ayları ərzində dövlət büdcəsinə ümumilikdə 14,4 milyon manatdan artıq məbləğində vəsaitin ödənilməsi təmin olunub və bununla 11 aylıq proqnoz 142%  yerinə yetirilib.

İcarə haqlarının müəyyən edilməsi sistemi

Müasir çağırışlara əsasən, dövlət əmlakının icarəyə verilməsi mexanizminin, həmçinin dövlət əmlakından istifadəyə görə icarə haqlarının müəyyən edilməsi sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlanaraq hökumətə təqdim edilib.