Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən  2013-cü ilin 9 ayı ərzində dövlət əmlakının idarəçiliyi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı, vahid kadastrı və ünvan reyestrinin aparılması sahələrində dinamik və dayanıqlı fəaliyyəti davam etdirib.

Komitə görülən işlərin keyfiyyətinin əsas göstəricisi kimi şəffaflıq və ictimai etimadın təmin olunmasını mühüm prinsiplərdən biri elan edib.

Modernizasiya və şəffaflıq məqsədilə atılmış addımlar, sadələşdirilmiş və optimal prosedurlar, etibarlı və çevik elektron xidmətlər, daha mütərəqqi idarəetmə metodları və müasir mexanizmlərin tətbiqi komitənin fəaliyyətinin ən mühüm nailiyyətləridir. Qeydiyyat sisteminin şəffaflaşdırılması, prosedurların sadələşdirilməsi ilə vaxt itgisinin azaldılması, elektron xidmətlərin istifadəçilərinin sürətlə artması və nəticədə vətəndaş məmnunluğunun yüksəlməsi uğurlu fəaliyyətin əsas göstəriciləridir.

Müasir dövrün əsas tələblərindən biri də sürətlə genişlənən informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya ili” elan edilməsi bu prosesə böyük təkan verib. Əmlak Məsələləri Dövlət Komitəsi də şəffaflığın və operativliyin təmin olunması, elektron əmlak idarəçiliyi sisteminin qurulması məqsədilə müasir informasiya texnologiyalarını tətbiq edir və bu istiqamətdə işləri sürətlə genişləndirir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının təmin olunması məqsədilə Komitə ötən ildən başlayaraq elektron xidmətlərin tətbiqinə başlayıb. Bu ildən etibarən isə, belə xidmətlərin tətbiqi genişləndirilib və keyfiyyət dərəcəsi artırılıb. Hazırda 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmətləri özündə cəmləşdirən portal istifadəyə verilib. Artıq bu xidmətlər sayəsində vətəndaşlar birbaşa öz evlərindən, heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün internet vasitəsi ilə on-layn müraciət edə bilirlər. Portalın istifadəyə verilməsi əhaliyə daha çevik, şəffaf, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir. Elektron xidmətlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi interaktiv və informativ xidmətlər daxildir. Bu xidmətlərdən bir çoxu “Elektron hökumət” portalına inteqrasiya edilib. Artıq bu xidmətlər vasitəsilə Bakı və respublikanın müxtəlif bölgələrindən 7500-ə yaxın müraciət daxil olub. Hazırda elektron xidmətlərin sayının artırılması üzərində işlər aparılır. Dövlət əmlakının özəlləşdirilməsi və hərracların keçirilməsi sahəsində yeni elektron xidmətlərin təşkilinə dair təkliflər hazırlanır. Komitə tərəfindən daha 11 elektron xidmətin təşkili və itifadəyə verilməsi nəzərdə tutulur. Əsas hədəf vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, bu sahədə şəffaflıq və çevikliyi daha da artırmaqdır. Nəticə etibarilə məqsəd dövlət tərəfindən aparılan ictimai etimad və vətəndaş məmnunluğunun daha da gücləndirilməsi xəttinə töhfə verməkdir.

2013-cü ilin ötən dövrü ərzində mülkiyyət hüquqlarının qeydiyyatı sisteminin sürətli inkişafı əsaslı uğurlardan hesab olunur. Daşınmaz əmlakın qeydiyyatı sahəsində əsas hədəf müasir informasiya texnologiyalarının və korporativ idarəetmənin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsi yolu ilə vətəndaşlara göstərilən xidmətin keyfiyyətini artırmaqdır.

Görülən işlər nəticəsində qeydiyyat prosesi xeyli sadələşib. Qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Sadələşmədən sonra artıq vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə digər arayışları isə 1 günə əldə edirlər.

Məlum olduğu kimi, Dünya Bankının dəstəyi ilə 2007-ci ildən indiyədək “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” həyata keçirilir. Layihə icra olunduğu müddətdə qeydiyyat sahəsində bir sıra səmərəli nəticələr əldə edilib. Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ komputer şəbəkəsi yaradılıb.

Vətəndaşlara xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə mövcud qeydiyyat binaları təmir edilib və yeni binalar tikilib istifadəyə verilib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ, Xaçmaz, Lənkəran, Şəki və Gəncə  rayonlarında yeni xidmət binaları tikilib. Bərdə və Beyləqan rayonlarında yeni binaların tikintisi davam edir və yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcək. Oxşar işlər Bakı şəhərində də görülüb. Reyestr Xidmətinin Bakı şəhəri üzrə 5 rayon filialının sayı artırılaraq 10-na çatdırılıb. Artıq Bakı şəhərinin 11 rayonunun hər birində müasir tələblərə cavab verən ərazi idarələri fəaliyyət göstərir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bir sıra ərazi idarələrində «elektron növbəlilik» sistemi tətbiq edilir.

“Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Reyestr Xidmətinin Ərazi idarələrinin işçiləri üçün Xidmət Standartları və  Davranış Qaydaları hazırlanır. Bu məqsədlə inkişaf etmiş ölkələrin təcrübəsinə istinad edilməklə beynəlxalq  məsləhətçi cəlb olunacaqdır.

Hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir. Səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları sürətlə elektron bazaya köçürülür.

Yaxın gələcəkdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir yenilik tətbiq ediləcək. Bu yenilik daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara real vaxt rejimində (onlayn) verilməsindən ibarət olacaq. Yeni mexanizmə görə, daşınmaz əmlakla bağlı məlumatları vətəndaşlara əmlak alqı-satqısı zamanı notariat idarələrində Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası vasitəsi ilə birbaşa vermək imkanı yaranacaqdır. Bu arayışların “onlayn” rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, lazımi sənədlərin “onlayn” əldə olunmasına, vaxta böyük qənaət olunmasına, bununla da vətəndaşların bu xidmətdən optimal faydalanmasına gətirib çıxaracaq.

Görülmüş uğurlu işlərin əyani sübutu kimi, Dünya Bankı və Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing-Business 2014” hesabatında Azərbaycanın daşınmaz əmlakın qeydiyyatına görə reytinqdə ön sırada yer tutması vurğulanmalıdır. Azərbaycanın reytinqdə məhz ön sıralarda olmasının mühüm səbəbi son dövrlər daşınmaz əmlakın qeydiyyatı sahəsində gedən sürətli inkişaf, müasir informasiya-kommunikasiya texnologiyalarının və modern idarəetmə sistemlərinin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsidir.

Bütün bu fəaliyyətlərin nəticəsidir ki, son iki ildə daşınmaz əmlakın qeydiyyatı sürətlənmiş və əvvəlki illərlə müqayisədə son iki ildə daşınmaz əmlakın qeydiyyat sayı maksimum həddə çatıb. 2011-ci ildə 147 min, 2012-ci ildə isə bu rəqəm 151 min olub.Bu ilin sonuna qeydiyyat sayının 160 minə çatacağı proqnozlaşdırılır.

2013-cü ilin ortalarında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2013-2017-ci illər üçün Beşillik Strategiya Planı hazırlanıb təsdiq edilib. Beşillik Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış“ İnkişaf  Konsepsiyasının əsas müddəaları nəzərə alınmaqla işlənib. Strategiya Planı yaxın beş il üçün komitənin əsas fəaliyyət istiqmətləri uzrə planları və onun qurumları üçün biznes planları özündə birləşdirir. Strategiya Planının məqsədi komitənin fəaliyyətinin daha modern, şəffaf və çevik mexanizmlər əsasında qurulması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və istifadəsi sahəsində səmərəliliyin artırılması, daşınmaz əmlak idarəçiliyinin, əmlakın qeydiyyatı və kadastr sisteminin mükəmməl vəziyyətə gətirilməsi, açıq sistemli ünvan reyestrinin yaradılmasına yönəlib.

Vətəndaşların qəbulu və müraciətlərinin təmin olunması komitə tərəfindən daim diqqətdə saxlanılır. 2013-cü ilin ötən dövrü ərzində respublikanın müxtəlif bölgələrində komitə sədri tərəfindən vətəndaş qəbulları keçirilib, vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşlarla görüşlərin təşkili qarşıdakı dövr ərzində də davam etdiriləcəkdir.

Komitənin fəaliyyətində vətəndaşların müraciətlərinin operativ cavablandırılması, şəffaflığın təmin edilməsi məqsədi ilə açılmış 193, 148 və 566-07-44 nömrəli qaynar xətlərinə 2013-cü ilin 9 ayında 1300-ə yaxın vətəndaş müraciət edib. Müraciətlər qanunvericiliyə uyğun olaraq təmin edilib.

2013-cü ilin ilk üç rübündə respublika üzrə kiçik özəlləşdirmə formasında 530-dan çox müəssisə və obyekt, 510-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. 510-a yaxın qeyri-yaşayış sahəsi, 470-ə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 37 pul hərracında 32 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2013-cü  il ərzində 56,5 milyon manat məbləğdə investisiya qoyulub.

2013-cü ilin 9 ayında komitəyə 5567 dövlət müəssisə və təşkilatları tərəfindən 2012-ci ilin yekununa görə «Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması» daxil olub.

2013-cü il 1 oktyabr vəziyyətinə 6262 hüquqi şəxs statuslu dövlət müəssisəsi  və onların 7591 filialının (cəmi 13853) malik olduğu 150624 daşınmaz əmlakı barədə məlumatlar Registrdə qeydiyyata alınıb. 2013-cü ilin 9 ayı ərzində 9606 yeni əmlak barədə məlumatlar Registrə daxil edilib.

2013-cü ilin yanvar-sentyabr aylarında ölkə üzrə 127 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, bu göstəricinin 35 mindən çoxu ilkin, 92 minə yaxını isə təkrar qeydiyyata aid olub.

2013-cü ilin 9 ayı ərzində 113 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 99 mindən çox məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 17 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib, 96 mindən çox daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib.

Ötən dövr ərzində Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestri sahəsində işləri davam etdirib. Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində mühüm addımlar atılıb. Layihə Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisini əhatə edən elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Qeyd edək ki, yaxın vaxtlarda Gəncə və Şəkinin seçilmiş pilot ərazilərinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri yaradılması işi uğurla yekunlaşıb.

Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Həmçinin respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı işlər görülüb.

"Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Standartı" hazırlanıb və təsdiq edilib.

Ölkənin şəhər və rayonları üzrə  daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri davam etdirilib. Bu işlər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na uyğun olaraq aparılıb.

Azərbaycanda milli məkan məlumatlarının vacib elementlərindən olan, ən mühüm və sosial yönümlü layihələrdən sayılan Ünvan Reyestrinin İnformasiya Sisteminin tərtibi və aparılmasının hüquqi əsasları müəyyənləşdirilib.  Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 1 noyabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında" Əsasnamə təsdiqlənib.  Bu Əsasnamə Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Ünvan Reyestrinin məlumat bazasının elektron idarə edilməsini, həmçinin ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edən informasiya sistemidir.

Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib. Bakı şəhəri üzrə 909 küçə və prospektə ünvan təyin edilib. Bakı şəhərinin 409 küçə və prospektinin başlanğıcı, sonu, eləcə də onların koordinatları müəyyənləşdirilib və təsdiqlənib.

Sumqayıt şəhəri üzrə 70 sayda nəqliyyat infrastrukturu obyektinə ünvan təyin edilib, 39 küçə və prospektin daxili  ünvanları müəyyən edilib.

Gəncə şəhəri üzrə 121 nəqliyyat infrastrukturu obyektinə ünvan təyin edilmiş, 459  küçə və prospektin koordinatları müəyyənləşdirilib və təsdiqlənib.

Əmlak Məsələləri Dövlət Komitəsi ötən müddət ərzində komitənin fəaliyyət istiqamətləri üzrə inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi məqsədilə beynəlxalq əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirib. Dünya Bankı, Almaniya İnkişaf Bankı (KfW), Almaniyanın Beynəlxalq Əməkdaşlıq (GİZ) təşkilatı, Norveç Kadastr və Xəritəçəkmə təşkilatı və digər xarici qurumlarla layihələr həyata keçirilir. BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sessiyasında Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi BMT AİK Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun, eləcə də İşçi Qrupunun Bürosunun sədri seçilib. Komitənin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi nüfuzlu beynəlxalq təşkilatlardan olan “EuroGeographics” Assosiasiyasına üzv qəbul edilib. Eyni zamanda, BMT-nin Avropa İqtisadi Komissiyası, USAİD, Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi, Avropa İttifaqının Tvinninq və TAİEX təşkilatları ilə əməkdaşlıq davam etdirilib.