Əmlak Məsələləri Dövlət Komitəsi geniş ictimaiyyətin və medianın iştirakı ilə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı açıq hərraclara start verib. İlk belə hərrac 14 sentyabr tarixində səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə keçirilib. İstənilən yerli və xarici investorlar və potensial alıcılar hərraclarda məhdudiyyətsiz iştirak etməklə, əmlakın qiymətini bank vasitəsi ilə ödəyərək satışa çıxarılmış əmlakın sahibi ola bilir.
Xatırladaq ki, bu tədbirlər Azərbaycan Prezidentinin «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına əsasən həyata keçirilir.
Hərracda media və ictimaiyyət nümayəndələri hərrac prosesini əyani şəkildə izləyə biliblər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlarda respublikanın digər şəhər və rayonlarında da keçirilən hərracları canlı izləmək və hərracların gedişatı barədə məlumat almaq mümkün olub.Hərracda vətəndaş və ya investorlar elektron qaydada sifariş verərək və satış qiymətinin 10%-i məbləğində behi ödəyərək iştirakçı hüququ qazanıb. Qanunvericiliyə əsasən təşkil edilmiş 5 nəfərdən ibarət hərrac komissiyasının sədri hərracı açıq elan edib. Hərracda iştirak qaydası, hərracın proseduru və gedişatı, hərrac prosesi və yekunu barədə ümumi məlumat verib. Hərrac aparıcısı böyük monitorlarda hərraca çıxarılmış səhmdar cəmiyyəti, kiçik müəssisələr və nəqliyyat vasitələri barədə foto məlumatları, yerləşmə mövqeyi və digər zəruri informasiyaları nümayiş etdirib.Keçirilmiş hərracda ümumilikdə 36 dövlət əmlakı satılıb. Bu hərrac nəticəsində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1,8 milyon manat vəsaitin köçürüləcəkdir. Özəlləşdirilmiş əmlaklardan 9-u səhmdar cəmiyyətin 30%-lik hissəsi, 20-si kiçik dövlət müəssisə və obyekti, 7-si nəqliyyat vasitəsi olub. Nəzarət səhm paketinin 30% hissəsi özəlləşdirilmiş 9 səhmdar cəmiyyəti pambıqçılıq, ticarət, kənd təsərrüfatı məhsullarının emalı, nəqliyyat və təmir sahəsi ilə bağlı olub. Bu müəssisələr Göyçay, Bərdə, Tərtər, İsmayıllı, Sabirabad, Xaçmaz və digər regionlarda yerləşir. Ölkədə pambıqçılığın inkişafına verilən önəm hərraca çıxarılan 4 pambıqçılıq müəssisəsinin satılmasına imkan vermişdir. Bu isə öz növbəsində dövlət başçısının müvafiq Fərmanına əsasən regionlarda yerləşən rəqabət qabiliyyətli potensial müəssisələrin özəlləşmədən sonra yenidən tam gücü ilə fəaliyyətə başlaması və yeni iş yerlərinin açılması deməkdir.Hərracda özəlləşdirilmiş 20 kiçik dövlət müəssisə və obyektindən 15-i Bakıda, 5-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Bəzi kiçik dövlət obyektinin satışı üzrə hərrac sifarişçi sayının çox olması səbəbindən daha rəqabətli keçib. Satılmış kiçik dövlət müəssisələri xidmət, ticarət, ictimai iaşə, avtotəmir və digər sahələrə aid olub.  Kiçik dövlət əmlaklarının özəlləşdirilməsi isə ölkədə kiçik və orta sahibkarlığın inkişafına mühüm dəstək verəcək.Xatırladaq ki, növbəti belə hərrac 20 sentyabrda keçiriləcək və bu hərracda 25 səhmdar cəmiyyəti, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi satışa çıxarılıb.Qeyd edək ki, hərraclar hazırda daha rahat, şəffaf və açıqdır. Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür.  Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi ilə hərracların tamamilə elektron müstəviyə keçirilməsi baş tutacaq. Bu yenilik xarici investorlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraclarda internet üzərindən onlayn rejimdə iştirak etmək imkanı qazandıracaq.Hərraca çıxarılmış hər bir dövlət əmlakı barədə komitənin Özəlləşdirmə Portalında (privatization.az) ətraflı məlumatlar yerləşdirilib. Belə ki, müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini və mövqeyini əks etdirən fotolar və mətn məlumatları portalda əksini tapıb. Hərraclar barədə həftəlik elanlar “Mülkiyyət” qəzetində dərc olunur, komitənin rəsmi internet səhifəsində və Özəlləşdirmə Portalında yerləşdirilir. Qanunvericiliyə əsasən hərracların nəticələri isə 15 gün ərzində komitənin internet resursları və mətbu orqanı vasitəsilə ictimaiyyətə açıqlanır.