Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 sentyabr 2016-cı il tarixində Gəncə və Şəki şəhərlərində icra olunmuş “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”nin yekun İctimai Təqdimatı keçirilib. Tədbirdə Komitənin aparatı və tabeli qurumları, Almaniyanın KfW İnkişaf Bankı, Almaniyanın GIZ təşkilatı, GFA/GCI Konsorsiumu, ictimai təşkilatlar və media nümayəndələri iştirak edib.

«Kadastr və daşınmaz əmlakın qeydiyyatı» layihəsi Azərbaycan ilə Almaniya arasında hökumətlərarası müqaviləyə uyğun olaraq, Almaniyanın KfW İnkişaf Bankının dəstəyi ilə 2013-cü ildən reallaşdırılıb və bu ilin sentyabrında başa çatıb.

Layihənin əsas məqsədi Gəncə şəhərinin və Şəki rayonunun torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində mükəmməl elektron kadastr məlumat bazasının yaradılmasından və ərazilərin rəqəmsal kadastr xəritələrinin tərtibindən  ibarət  olub.

Layihə çərçivəsində bu şəhərlərdəki bütün əmlaklar – torpaq sahələri, fərdi evlər, mənzillər, həyətyanı və pay torpaqları yenidən ölçülərək sərhədləri dəqiqləşdirilib, eləcə də əmlakların sənədləri öyrənilib.

Layihənin icraçısı Əmlak Məsələləri Dövlət Komitəsi, məsləhətçisi isə beynəlxalq tender yolu ilə seçilmiş Almaniyanın GFA/GCI konsorsiumudur.

Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və fərmanlarına uyğun olaraq son illər Komitə tərəfindən Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması sahəsində ciddi addımlar atılmaqdadır. Qeyd olunub ki, bu sistemin tətbiqi ölkədə torpaqların sərhədlərinin dəqiqləşdirilməsinə, torpaq mübahisələrinin aradan qaldırılmasına, daşınmaz əmlaklar üzərində hüquqların qeydiyyatı prosesinin sadələşdirilməsinə,   torpaq resurslarından elmi əsaslarla istifadəyə, torpaqdan istifadəyə dövlət nəzarətini daha çevik həyata keçirməyə imkanlar yaradacaq.

Tədbirdə geniş təqdimatla çıxış edən Komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev Azərbaycanda qurulan kadastr sistemi, bu sistemin formalaşmasında adıçəkilən layihənin rolu və mahiyyətindən bəhs edib. Xidmət rəhbəri bildirib ki, ölkədə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan müasir kadastr sistemi yaradılmaqdadır. Daşınmaz əmlakın kadastrı sahəsində qanunvericilik təkmilləşdirilir, özəl kadastr mərzçəkənlər institutu formalaşdırılır. Qeyd olunub ki, işlərin icrası dövlət başçısının 13 iyul 2016-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı»na əsasən davam etdiriləcək və qarşıdakı 4 il ərzində bütün ölkə ərazisi üçün  vahid elektron kadastr uçotu informasiya sistemi yaradılacaq.

R.Quliyev qeyd edib ki, elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması torpaqların səmərəli istifadəsinə imkan verəcək. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı qeyri-qanuni istifadə hallarının qarşısının alınmasına, torpaq ehtiyatlarının idarə edilməsinin  təkmilləşdirilməsinə dair qərarlar qəbul ediləcək. Bildirilib ki, Layihə çərçivəsində elektron kadastr informasiya sisteminin yaradılması pay torpaqları ilə bağlı mövcud olan uyğunsuzluqları aradan qaldıracaq və çoxsaylı torpaq mübahisələrinə son qoyacaq. Nəhayət, Layihə çərçivəsində hər bir torpaq sahəsi və onun üzərindəki  daşınmaz əmlaklar barəsində dəqiq məlumatların əldə edilməsi sonradan onların qeydiyatı proseesin sadələşdirəcək, bununla da müştəri məmnunluğu təmin ediləcək 

Layihənin İcra Qrupunun rəhbəri, Almaniyanın GFA/GCI Konsorsiumunun nümayəndəsi Oliver Haitzmann Layihə çərçivəsində aparılan işlər və layihənin nəticələrindən istifadə imkanları barədə məlumat verib. Onun sözlərinə görə, layihənin icrası dövründə Gəncə və Şəkidə ümumilikdə 250 min hektarı əhatə edən ərazidə ölçmə işləri aparılıb. 191,3 min torpaq sahəsi, 95,6 min obyekt və tikili, eləcə də 32,8 min mənzil üzrə məlumatlar toplanıb. Qrup rəhbəri bildirib ki, ölçmə işləri ən müasir avadanlıqlarla aparılıb. Çöl-ölçmə işlərinin nəticələri məsləhətçi şirkət tərəfindən yoxlanılaraq Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi İnformasiya Sisteminə (DƏQKİS) daxil edilməsi məqsədilə Komitəyə təqdim edilib.

Qeyd edək ki, layihə daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mövcud prosedurların sadələşdirilməsi, qeydiyyata sərf olunan vaxtın azaldılması, bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasını təmin edəcək. İndiyədək ortaya çıxan anlaşılmazlıqlar və qeyri-dəqiqliklər aradan qalxacaq. Bu isə öz növbəsində Gəncə və Şəki əhalisi üçün özəlləşdirilmiş torpaq və daşınmaz əmlakdan səmərəli istifadə etməyə imkan verəcək.