Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində daşınmaz əmlak idarəçiliyi və mülkiyyət hüquqlarının qeydiyyatı sahəsində də son illərdə əhəmiyyətli inkişaf müşahidə edilməkdədir. Belə ki, son bir neçə ildə imzalanmış Fərman və sərəncamlar, qəbul edilmiş qərarlar sayəsində daşınmaz əmlakın qeydiyyatı sistemi kifayət dərəcədə təkmilləşib və sadələşib. Bu Fərman və sərəncamlar sayəsində qeydiyyat üçün əsas hesab olunan hüquqi sənədlərin siyahısı genişləndirilib və qeydiyyat müddətləri qısaldılıb. Artıq sovet dövründə verilmiş bir sıra aktlar, şəhadətnamələr, müvafiq qurumlar tərəfindən verilmiş torpaqayırma qərarları, o cümlədən kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər hazırda mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas sayılır.

Ölkə başçısının əhaliyə xidmət göstərən dövlət qurumları qarşısında qoyduğu vəzifələr, rahatlıq və operativliyin artırılması üçün verilmiş tapşırıqların icrası istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi də mühüm addımlar atmaqdadır. Məmnunluq səviyyəsinin artırılması məqsədilə qeydiyyat sisteminin modernləşdirilməsi, innovativ üsulların tətbiqi yönündə tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri sosial baxımdan mühüm əhəmiyyətə malikdir. Bu tədbirlər ölkədə vətəndaşlara məxsus əmlakların rahat, çevik və əlçatan üsullarla dövlət qeydiyyatı məqsədi daşıyır. Kampaniya sayəsində qeydiyyat xidmətləri mobil ofislər vasitəsilə paytaxt və regionlarda birbaşa vətəndaşın evinə və ya ünvanına çatdırılır.

Bu dəfəki “Kütləvi çıxarış” kampaniyası 28 sentyabrda Yevlax rayonunun Xaldan qəsəbəsində keçirilib. Kampaniya zamanı 120-yə yaxın vətəndaşa xidmət göstərilib. Qəsəbənin 70-ə yaxın sakininə onların mülkiyyyətinə dair hazır çıxarışlar təqdim olunub. Bu çıxarışlar pay torpaqları, həyətyanı torpaq sahələri, vaxtilə kolxoz və sovxozlar tərəfindən ayrılmış torpaqlar, fərdi həyət evi və digər daşınmaz əmlaklara aid olub. 50-yə yaxın qəsəbə sakinindən isə onların əmlakı ilə bağlı ilkin mülkiyyət sənədləri qəbul edilib. Bir neçə vətəndaşa elə evindəcə xidmət göstərilib. Belə ki, komitənin mobil ofisləri vasitəsilə mütəxəssislər bir neçə fiziki məhdudiyyətli vətəndaşın evinə gedərək çıxarışları elə onların evində təqdim edib. Kampaniya zamanı hüquqi yardım aksiyası çərçivəsində isə qeydiyyat barədə vətəndaşları maraqlandıran suallar aydınlaşdırılıb, zəruri hüquqi qaydalar izah edilib. Eyni zamanda, torpaq sahələrinin sərhədlərinin  dəqiqləşdirilməsi, müvafiq yerquruluşu, inventarlaşdırma və kadastr işlərinin aparılması xidmətləri də göstərilib.

Qeyd edək ki, kampaniya ilə yanaşı, bütün respublika üzrə fərdi qaydada mobil ofis xidmətləri əhaliyə təqdim olunur. Mobil ofis xidmətlərinin ən vacib cəhəti onun bütün rayonları və kəndləri əhatə etməsidir. Bu xidmətlərə ilkin sənədlərin toplanması, çöl-ölçmə və inventarlaşdırma işləri, hüquqi maarifləndirmə və digər xidmətlər daxildir. Bununla da, vətəndaşın qeydiyyat üçün əlavə vaxt sərf edərək ərazi idarəsinə gəlməsinə, gündəlik işlərindən tamamilə ayrılmasına ehtiyac qalmır.

Kampaniyanın müntəzəm keçirilməsi hüquqi qeydiyyatlı əmlakların sayının artmasına, paytaxtla yanaşı regionlarda da leqal əmlak dövriyyəsinin və daşınmaz əmlak bazarının aktivləşməsinə gətirib çıxarır. Əmlakın biznes alətinə çevrilməsi, girov, vərəsəlik və digər hüquqi əməliyyatlar zamanı əmlakdan hüquqi maneəsiz istifadə edilməsi imkanını yaradır. Əvvəllər çıxarışın olmaması səbəbindən alqı-satqı prosesinə cəlb oluna bilməyən əmlakların bu kampaniya sayəsində yenidən rahat şəkildə hüquqi qaydada alqı-satqı edilməsinə səbəb olur. Eyni zamanda, kampaniya çərçivəsində vətəndaşlara əmlakın qeydiyyatının gətirdiyi üstünlüklər haqqında da məlumat verilir.