Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 30 sentyabr 2016-cı il tarixində Zərdabda vətəndaşları qəbul edib. Qəbulda Zərdab, Ucar, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib.

Səsləndirilən müraciətlər daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, icarəsi, idarə edilməsi, daşınmaz əmlakın kadastrı sahəsinə aid olub. Qeydiyyatla bağlı müraciətlər fərdi həyət evi, pay torpaqları, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınmasını əhatə edib.

Qəbulda özəlləşdirməyə çıxarılmış dövlət əmlakının, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müraciətlər də səsləndirilib. Bəzi müraciətlər torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması barədə olub. Vətəndaşlar bu məsələlərlə bağlı qanunvericilik çərçivəsində müvafiq köməkliklərin göstərilməsi üçün xahişlərini çatdırıblar.

Bir sıra müraciətlər komitə sədri tərəfindən verilən tapşırıq nəticəsində dərhal həll olunub. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb.

Komitə sədri qəbulda özəlləşdirmə prosesinin sürətləndirilməsində mühüm yeniliklərin və müasir yanaşmaların tətbiqini vurğulayıb. Azərbaycan Respublikası Prezidentinin dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı 19 iyul 2016-cı il tarixli Fərmanına uyğun olaraq hazırda açıq hərraclar keçirilir. Bildirilib ki, özəlləşdirmənin elektron vasitələrlə geniş ictimaiyyətə çatdırılması məqsədilə komitə tərəfindən əhəmiyyətli addımlar atılıb. Yeni Özəlləşdirmə Portalı yaradılıb və investorların, vətəndaşların və maraqlı tərəflərin istifadəsinə verilib. Portal vasitəsilə hər bir şəxs hərraca çıxarılmış istənilən dövlət əmlakı barədə ətraflı məlumat ala bilir. Qeyd olunub ki, hərraclara kifayət dərəcədə maraq var və vətəndaşlar, fiziki və hüquqi şəxslər hərraclarda ya müşahidəçi və ya potensial alıcı qismində iştirak edirlər.

Qəbulda komitə tərəfindən həyata keçirilən sosial layihələrin əhəmiyyəti barədə də bəhs olunub. “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin göstərilən xidmətlərdə rahatlıq, şəffaflıq və əlçatanlığın təmin olunmasında rolu qeyd edilib.  Belə layihələrin hazırda intensiv həyata keçirildiyi, elektron, onlayn və SMS xidmətlərin əhalinin aktiv istifadəsində olduğu nəzərə çatdırılıb.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və müraciətlərinə baxılıb.