Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə

Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 4 may tarixli Fərmanı ilə
təsdiq edilmişdir

 

 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında
Əsasnamə

  1. Ümumi müddəalar

    1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi (bundan sonra — Mərkəz) özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

    1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

    1.3. Mərkəz bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

    1.4. Mərkəz müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin adı və Mərkəzin öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

    1.5. Mərkəzin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

    1.6. Mərkəz Bakı şəhərində yerləşir.

    2. Mərkəzin fəaliyyət istiqamətləri

    2.0. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

    2.0.1. özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını həyata keçirir;

    2.0.2. dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrini və hərraclarını həyata keçirir.

    3. Mərkəzin vəzifələri

    3.0. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

    3.0.1. özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışı, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi sahəsində normativ tənzimləmənin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər vermək;

    3.0.2. özəlləşdirilən müəssisə və obyektlər, habelə səhmləri satışa çıxarılan səhmdar cəmiyyətləri, dövlət və bələdiyyə mülkiyyətində olan, mülkiyyətə və ya icarəyə verilmək üçün müsabiqə və hərraclara çıxarılan torpaq sahələri barəsində fiziki və hüquqi şəxslərə məlumat vermək;

    3.0.3. fiziki və hüquqi şəxslər tərəfindən ixtisaslaşdırılmış pul hərraclarında iştirak etmək üçün verilən sifarişləri qəbul etmək, alıcıların bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq iştirakını təmin etmək;

    3.0.4. fiziki və hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin hərrac komissiyasına çatdırılmasını təmin etmək;

    3.0.5. özəlləşdirmə prosesində əmək kollektivinin mənafelərinin qorunmasına nəzarət etmək, habelə səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətlərinin əmək kollektivi üzvlərinə güzəştli satışı zamanı bərabər, sağlam rəqabət mühitini, aşkarlıq şəraitini, ictimai nəzarəti, sosial ədalət, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğunluğu təmin etmək;

    3.0.6. hərracların və müsabiqələrin, habelə səhmlərin (payların) əmək kollektivinə güzəştli satışının yekunlarını rəsmiləşdirmək məqsədi ilə sənədləri aidiyyəti üzrə təqdim etmək;

    3.0.7. hərracların və müsabiqələrin yekunları ilə bağlı, o cümlədən hərraclarda səhmlərin (payların) əmək kollektivinə güzəştli satışının yekunlarına dair fiziki və hüquqi şəxslərə, əmək kollektivi üzvlərinə, habelə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və müvafiq dövlət orqanlarına məlumat və bildirişlər vermək;

    3.0.8. hərraclara və müsabiqələrə, o cümlədən səhmlərin (payların) əmək kollektivinə güzəştli satışına dair bütün məlumatların elektron və kağız daşıyıcılarda saxlanılmasını təmin etmək;

    3.0.9. sifarişləri ödənilməyən fiziki və hüquqi şəxslər tərəfindən verilmiş pulların geri qaytarılması barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdimat vermək;

    3.0.10. dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın hərraclar vasitəsilə alıcılara bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq satışını təşkil etmək;

    3.0.11. müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclar vasitəsilə alıcılara bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq satışını təşkil etmək;

    3.0.12. hərrac və müsabiqə haqqında və hərracın və müsabiqənin nəticələri barədə məlumatın “Mülkiyyət” qəzetində dərc olunması və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin internet saytında yerləşdirilməsi üçün aidiyyəti üzrə təqdim etmək;

    3.0.13. dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verildikdə, müsabiqə və ya hərracın qalibinə şəhadətnamə vermək;

    3.0.14. bu Əsasnamə ilə müəyyən edilən vəzifə və hüquqlarını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan vahid informasiya sistemini tətbiq etməklə həyata keçirmək.

    4. Mərkəzin hüquqları

    4.0. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

    4.0.1. dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramının icrası barədə müəyyən olunmuş qaydada hesabatın hazırlanmasında iştirak etmək;

    4.0.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

    4.0.3. fəaliyyət istiqamətlərinə uyğun olaraq rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər vermək;

    4.0.4. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

    4.0.5. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq.

    5. Mərkəzin fəaliyyətinin təşkili

    5.1. Mərkəzin strukturuna onun aparatı və zona bölmələri daxildir.

    5.2. Mərkəzə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

    5.3. Direktor Mərkəzə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

    5.4. Mərkəzin direktorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

    5.5. Mərkəzin direktoru:

    5.5.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

    5.5.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Mərkəzin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir;

    5.5.3. Mərkəzin direktorunun müavinləri və Mərkəzin struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Mərkəzin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

    5.5.4. Mərkəzin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

    5.5.5. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün tədbirlər görür;

    5.5.6. bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə Mərkəzi təmsil edir;

    5.5.7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir.

    6. Mərkəzin direktorunun, direktorun müavinlərinin və işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatları, müvafiq olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında olan dövlət agentliklərinin və xidmətlərinin rəhbərlərinin, rəhbər müavinlərinin və işçilərinin əməyinin ödənilməsi normalarına və təminatlarına bərabər tutulur.